06.10.2017

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

    FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 4 oktyabr 2017-ci il tarixində Xızı şəhər tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.