05.10.2018

Bilik Fondunun icraçı direktoru Xızıda müəllimlərlə görüşüb

Xızı rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Şuraabad qəsəbə tam orta məktəbində Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovun təhsil işçiləri ilə görüşü keçirilib.

Görüşdə Xızı Rayon İcra Hakimiyyətinin müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov, Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev, Şuraabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə İlham İsgəndərov, Xızı Rayon Təhsil Şöbəsinin təmsilçisi İman Ağayev, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Fondun Xızı rayonu üzrə nümayəndəsi Xatirə Haşımzadə, müəllim və məktəblilər, rəsmi qurumların əməkdaşları iştirak ediblər.

A.Əzizov Bilik Fondunun nümayəndələrini salamlayaraq maarifləndirici layihələrin həyata keçirilməsində əməkdaşlığın faydasından bəhs edib. Bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, dövlətə, cəmiyyətə xeyirli savadlı kadr olaraq formalaşmasında hərtərəfli maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var, Bilik Fondunun fəaliyyəti də bu baxımdan təqdirəlayiqdir.

Tədbirdə Fondun icraçı direktoru O.Səmədovun “Maarifçilik - missiyamızdır” mövzusunda mühazirəsi dinlənilib.

Natiq Ulu öndər Heydər Əliyevin “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır” fikirlərini xatırladaraq, dövlətin təhsilə xüsusi qayğı göstərdiyini faktlarla diqqətə çatdırıb.

Rəhbərlik etdiyi Bilik Fondunun təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən söz açan icraçı direktor, Xızı məktəblilərini, müəllmlərini bu layihələrdə daha yaxından iştirak etməyə çağırıb.

Ümummilli liderin siyasətini cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini deyən O.Səmədov yüzlərlə yeni məktəblərin tikildiyini, təmir olunduğunu, təhsil ocaqlarının dünya standartları səviyyəsinə çatdırıldığını, maddi-texniki bazanın möhkəmləndiyini, informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının təsdiqləndiyini diqqətə çatdırıb.

Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan təhsil islahatları, Bilik Fondunun Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr barədə iştirakçılarla fikir mübadiləsi aparılıb.

Sonda rayonun bir qrup fəal təhsil işçisinə Fondun “Təşəkkürnamə”ləri, məktəbə kitab hədiyyələri təqdim olunub. Şagirdlər məktəb və müəllimlərə həsr olunmuş şeirlər səsləndiriblər.

 

 


Açar sözlər: ,  ,  ,  ,