11.02.2019

“İslam dininin humanistliyi” mövzusunda disput keçirilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Xızı rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə, dözümlülüyə, elmə və inkişafa çağırış dini olması” mövzusunda tədbir keçirilib.

Xızı rayon Altıağac qəsəbəsində keçirilən tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Abdulla Hüseynov və İsmayıl Cəfərov, Xızı rayon Təhsil Şöbəsinin əməkdaşı Vahib Ələkbərov, Altıağac qəsəbə tam orta məktəbin direktoru Arif Nağıyev, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Xızı rayon Təhsil Şöbəsinin əməkdaşı Vahib Ələkbərov çıxışında gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən danışıb. DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov çıxışında vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Dini radikalizm və onun fəsadları haqqında məlumat verən A.Hüseynov, milli-mənəvi dəyərlərimizin, eləcə də vətənpərvərliyin təbliğinin dini radikalizmlə mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,