21.02.2019

“Beynəlxalq Ana Dili Günü ” mövzusunda tədbir keçirilib

Tədbirdə məktəbin direktoru Svetlana Rüstəmova fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

Tədbirdə iştirak edən Xızı rayon Təhsil Şöbəsinin məsləhətçisi İman Ağayev Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açıb. Ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıb.

Qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.

Sonra şagirdlər məktəbin Azərbaycan dili müəllimi Xəyalə Cabarovanın müşayəti ilə ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar və mahnılar səsləndiriblər.