18.04.2019

Uşaq hüquqları konvensiyası üzrə maarifləndirmə tədbiri keçirilib

M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbində müəllimlərin və çoxsaylı şagirdlərin iştirakı ilə uşaq hüquqları konvensiyası üzrə maarifləndirmə tədbiri təşkil edilib. Tədbirdə çıxış edən Ombudsman Aparatının əməkdaşlı Bəhruz Əfəndiyev insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib, Müvəkkilin fəaliyyətində uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi və təsisatda uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntuların vaxtında müəyyən edilərək araşdırılması məqsədilə 24 saat fəaliyyət göstərən 916 qaynar xəttini diqqətə çatdırıblar.

 Bildirilib ki, Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-cu ildən etibarən hər tədris ilində Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir. Uşaqların interaktiv tərzdə iştirakı ilə gerçəkləşdirilən tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 170-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 10000-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 800-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.

Ombudsman Aparatı tərəfindən çap olunmuş maarifləndirici nəşrlər məktəb kitabxanasına təqdim edilib.

Tədbirdə iştirakçılara Ombudsmanın salamları çatdırılıb, yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verilib. Uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Pekin qaydaları və Ər-Riyad təlimatları əsasında müəyyən olunmuş hüquq və vəzifələr, bu hüquqların müdafiə mexanizmləri, həyata keçirilməli olan preventiv tədbirlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Ölkə Ombudsmanının uşaq hüquqları, xüsusilə də dövlət müəssisələrində saxlanılan uşaqların hüquqlarının təmini və müdafiəsi, Milli Preventiv Mexanizm qismində çoxşaxəli fəaliyyəti, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri qeyd olunub.

Tədbir canlı diskussiya şəraitində davam edib, uşaqların çoxsaylı sualları ətraflı cavablandırılıb. Onlara hüquqları və Müvəkkilin səlahiyyətləri izah edilib, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.

 


Açar sözlər: ,  ,  ,  ,