07.05.2019

9 May - Qələbə Günü Xızıda qeyd olunub

1941-1945-ci illər müharibəsində qələbənin 74-cü ildönümü Xızı rayonunda geniş qeyd olunub. 9 may - Qələbə Günü münasibətilə rayonun bütün qəsəbələrində rayon rəhbərliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli tədbirlər keçirilib, abidə komplekslərinin önünə tər güllər qoyulub.

Ümumrayon tədbirində Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Süleymanova, icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Tıxlı kəndində yerləşən “Vətən Şəhidləri Unudulmur” abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Bu əlamətdar bayram münasibətilə veteranları təbrik edən rayon icra hakimiyyətinin başçısının müavini Jalə Süleymanova qeyd edib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar, o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Müharibə dövründə respublikamızda 700 mindən çox insan səfərbərliyə alınıb. Döyüşlərdə göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. 1941-1945-ci illərdə respublikamızda 75 milyon ton neft çıxarılıb, 22 milyon ton benzin və başqa neft məhsulları istehsal edilərək cəbhəyə yola salınıb. O dövrdə bütün Sovet neftinin 90 faizi Azərbaycanın payına düşürdü.

Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir. Bildirilib ki, Azərbaycan xalqının ümummilli liderı Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərib, onların problemləri ilə yaxından maraqlanıb. Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır. 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımlar Azərbaycanın dövlət siyasətinin humanist mahiyyət kəsb etməsinin bariz nümunəsidir.

Sonra tədbir Xızı rayon R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin şagirdlərinin hazırladıqları şeir parçaları və tamaşalarla davam edib.

 

 


Açar sözlər: ,  ,  ,