07.06.2019

Altıağac məktəbliləri ətraf mühitin zibillənərək çirklənməsinə etiraz edərək “məişət tullantılarsız çevrəmiz” mövzusunda ekoloji posterlər hazırlayıblar

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin iş planına uyğun üçüncü tədbirini Xızı rayonu Altıağac kənd tam orta məktəbində həyata keçirib. Tədbirdə məktəbin üçüncü, dördüncü və beşinci siniflərindən 24 şagird ilə yanaşı məktəbin müəllimləri və Xızı rayon İcra Hakimiyyəti nümayəndəsi Əliyev Fətulla Həmdulla oğlu iştirak edib.

Tədbirin işi Şura tərəfindən monitorinq edilib. Monitorinq Milli QHT Forumunun Quba Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Eynulla Xeyrullayev tərəfindən aparılıb.

Eko Aləm ictimai birliyinin sədri Sevil xanım Yüzbaşeva tədbir zamanı məktəblilərə ətraf mühitin məişət  tullantıları ilə ekoloji çirklənmələri barədə məlumatlar verib. O bildirib ki, bu problemin tam həllini tapması, bizim hamımızdan, yəni ölkə əhalisinin ətraf mühitə olan münasibətinin dəyişməsindən asılıdır. Ekoloji problemlərin həll olunması əhalinin ekoloji mədəniyyətinin, ekoloji şüurunun, ekoloji düşüncə tərzinin formalaşmasından asılıdır.

Sonra Sevil Yüzbaşeva layihə çərçivəsində hazırlanan əyani vəsaitlərlə uşaqları tanış edib, ekoloji posterlər barədə məlumatlar verib. Uşaqlar posterləri müşahidə edərək, posterlərlərdə təsvir edilən ətraf mühitin vəziyyəti ilə bağlı verilən suallar haqqında öz fikirlərini söyləyiblər.

Tədbirin ikinci hissəsində uşaqlara dəftərxana materialları paylanılıb. Onlara məişət tullantılarsız çevrəmiz mövzusunda, ətraf mühitin vəziyyətini özündə əks etdirən, təbiət ərazisində olan zaman necə hərəkət etməli olduqları barədə öz beyinlərinin məhsulu olan “ekoloji poster” hazırlamaq tapşırığı verilib. Uşaqlar olduqca həvəslə çalışaraq maraqlı posterlər hazırlayıblar. Uşaqlar sonda hazırladıqları posterlərin ideya və məqsədi barədə izahatlar verərək, itirakçılara təqdim ediblər.

Tədbirin işi nəinki uşaların, həmçinin böyüklərin ciddi marağına səbəb olub. Bütün iştirakçılar böyük maraq və həvəslə tədbirdə iştirak ediblər. Xızı rayon İcra Hakimiyyəti nümayəndəsi Əliyev Fətulla Həmdulla oğlu çıxış edərək tədbiri çox bəyəndiyini söyləyərək bildirib ki, belə tədbirlərin faydası və təsiri olduqca böyükdür və belə tədbirləri tez-tez keçirtmək lazımdır. Xızı rayonu A.Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbin direktoru Nağıyev Arif Qazi oğlu da çıxış edərək, Eko Aləm ictimai birliyinin üzvlərinə bu faydalı tədbirə görə təşəkkür edərək, belə tədbirlərin davamlı olmasını arzulayıb.

 


Açar sözlər: ,  ,