15.08.2019

Məktəbəhazırlıq qruplarına qəbul bütün ölkə üzrə elektron qaydada həyata keçiriləcək

Avqustun 15-də Xızı rayon Uşaq-Gənclər, İdman-Şahmat məktəbində məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı təlim keçirilib.

Təlimdə çıxış edən RTŞ-nin müdiri Oqtay Abdullayev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı rayon üzrə elektron qaydada həyata keçiriləcək. Ərizələrin onlayn qeydiyyatı rayon üzrə dövlət ümumi təhsil məktəblərini əhatə edəcək: İlk illərdə məktəbəhazırlıq qruplarına qəbul 55%, növbəti illərdə 65-75% təşkil edib. "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Milli Strategiyası”nda 2020-ci ildən məktəbəhazırlıq qruplarına qəbulun 90 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə ardıcıl işlər aparılır".

Xızı RTŞ-nin məsləhətçisi İman Ağayev qeyd edib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az  elektron sistemi vasitəsilə həyata keçiriləcək: "Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Qruplarda məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur".

İ.Ağayev qeyd edib ki, bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir: "Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir".

Onun sözlərinə görə, Xızıda ilk ildir məktəbəhazırlıq qrupuna qəbul elektron formada həyata keçirilir.

Təlimdə bildirilib ki, valideynlər elektron ərizənin qeydiyyatı ilə əlaqədar yaranan suallara rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzləri, Apelyasiya Komissiyasına yaxınlaşmaqla, həmçinin, yerli təhsili idarəetmə qurumuna və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146-1) zəng etməklə aydınlıq gətirə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.