03.09.2019

Xızı, Siyəzən və Şabran təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib

Sentyabrın 3-də Şabran, Siyəzən və Xızı təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Siyəzən şəhər Mədəniyyət Mərkəzində keçirilən sentyabr konfransında Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Şabran, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Konfransda adı gedən rayonların təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabatlarını təqdim ediblər.

Xızı Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev çıxışında bildirib ki, ötən tədris ilində rayonun Xələnc kənd ümumi orta məktəbinin binası yeni modul tipli məktəblə əvəzlənib. Təhsil Şöbəsinin müdiri ötən tədris ilinin buraxılış imtahanlarının nəticələrinin ümumi mənzərəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin qəbul imtahanlarının nəticələrinə görə 58 nəfərin tələbə adını qazandığını, qəbul göstəricisinin isə ötən illə müqayisədə  artığını qeyd edib. O.Abdullayev çıxışında, həmçinin ötən il ərzində təhsil nazirinin əmrlərinin icrası vəziyyəti, rayon məktəblilərinin müxtəlif müsabiqə və yarışlarda göstərdikləri müsbət nəticələr barədə məlumat verib.

Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov çıxış edərək ötən illərlə müqayisədə bu ilin daha əlamətdar olduğunu bildirib. O qeyd edib ki, bu il yeni kurikilum programı ilə təhsil alan şagirdlərin ilk buraxılışı olub və bu buraxılış imtahanlarının nəticələrində də öz əksini tapır. M. Məmmədov, həmçinin bu ildən tətbiq olunan yeniliklər perspektiv məsələlərdən bəhs edib, yeni açılacaq olan istedadlı şagirdlər üçün lisey siniflərə şagirdlərin cəlbi məsələləri, valideynlərin bu mövzuda məlumatlandırılması istiqamətində tövsiyələrini verib. Hər üç rayonun təhsil işçilərini olimpiada hərəkatında fəal iştirak etməyə səsləyən çıxışçı sonda bütün təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Sonra  yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

 


Açar sözlər: ,  ,