16.09.2019

Məktəblərdə “Bilik günü” tədbirləri keçirilib

Bu gün rayonun ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Tədbirlərdə Xızı rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən Xızı RTŞ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim etdirilib.

Tədbirlərdən sonra məktəblərdə şagirdlər, xüsusilə də birinci sinif şagirdləri müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar.

Yeni tədris ilində Xızı rayon ümumtəhsil müəssisələrində 2330 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 244 şagird isə birinci sinifdə təhsil alacaq.

Rayon ümumtəhsil məktəblərinə 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə 22 nəfər müəllim təyin olunub.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.


Açar sözlər: ,  ,  ,