08.11.2019

Xızı rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Süleymanova, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Süleymanova bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Jalə xanım ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.