27.01.2020

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə  tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan Giləzi qəsəbə tam orta məktəbin direktoru Svetlana Rüstəmova qonaqları salamlayıb. S.Rüstəmova çıxışı zamanı böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.

Çıxış edən məktəbin texnologiya müəllimi Naibə Məmmədova hələ ötən əsrdə böyük söz ustadının 600 illik yubileyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilərək beynəlxalq miqyasda qeyd olunduğunu və həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparıldığını bildirib. Klassik Azərbaycan poeziyasında öz üslubu ilə seçilən şairin müxtəlif ideyalarla zəngin bədii irsinin özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən Xızı RTŞ-nin məsləhətçisi İman Ağayev dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi söz sənətinin qiymətli incilərini yaratdığını bildirib.

Daha sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,