31.03.2021

 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə anım günü tədbirləri keçirilib

Xızı rayon Təhsil Şöbəsinin və təhsil müəssisələrinin təşkilatçılığı ilə  “31 Mart Azərbaycanlıların Soyqırım Günü” ilə əlaqədar  rayonun bütün təhsil müəssisələrində tədbirlər keçirilib

Keçirilən tədbirlərdə qeyd edilib ki, ermənilərin müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdikləri kütləvi qətllər əvvəlcədən düşünülüb və planlaşdırılıb. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Məhz bu siyasətin nəticəsi olaraq ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl soyqırımı, etnik təmizləmə nəticəsində minlərlə insan məhv edilib, evindən-obasından didərgin salınıb. Rəsmi məlumatlara əsasən, 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda ümumilikdə əlli minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qətliamlar eynilə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər ərazilərdə də həyata keçirilib. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq incisi sayılan binaları yerlə-yeksan edib. Fövqəladə İstintaq Komissiyasının hesabatına görə, üç gün - 30 mart-1 aprel tarixlərində Bakıda 12 min nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb, Şamaxı qəzasının 72 kəndi dağıdılıb, 8 min nəfərə qədər azərbaycanlı məhv edilib. S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazaspın rəhbərliyi ilə erməni quldur cəza dəstəsi Quba qəzasında qırğın törədərək 122 müsəlman kəndini dağıdıb, yüzlərlə azərbaycanlını və digər xalqların nümayəndələrini xüsusi amansızlıqla qətlə yetirib.

Tədbirlərdə  müəllim və şagird heyəti iştirak edib. 31 Mart soyqırımla bağlı mühazirələr  söylənib, video çarx teqdim olunub və eyni zamanda rayon məktəblərinin şagirdləri müxtəlif şeir parçalari ilə soyqırımın acı həqiqətlərini real şəkildə bildiriblər.


Açar sözlər: ,  ,