17.06.2021

Xızı məktəbliləri “Yay məktəbi” çərçivəsində ekskursiyalarda

 Xızı rayonu üzrə Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi” çərçivəsində ekskursiyalar təşkil edilir.

Məktəblilər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.

Ekskursiyalar çərçivəsində məktəblilər Xızı rayon Heydər Əliyev Mərkəzi, Hərbi Qənimətlər Parkı, Şəhidlər Xiyabanı , Bakı Kitab Mərkəzi, Qız Qalası ,  Mikayıl Müşfiq ev muzeyi, Cəfər Cabbarlı  ev muzeyinə və digər yerlərə səfərlər edirlər.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkına ekskursiya zamanı Vətən Müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilir. Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, qürurverici hisslər yaşadır.

Məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

Şagirdlər muzeylərdə tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılır, müxtəlif dövrlərə aid eksponatlarla tanış olurlar. Fərqli yaş qruplarına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunur, yaradıcı oyunlar keçirilir.