26.12.2021

Xızı məktəbliləri “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsində iştirak ediblər

Ekskursiyalarda ölkənin 42 rayonundan məktəblilər iştirak edib. Bu uşaqlar şəhid və Qarabağ müharibəsi veteranlarının övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internat məktəblərinin şagirdləridir.

Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü genişləndirmək, məktəbin təhsil məkanında muzey hərəkatının inkişafına töhfə vermək, ölkənin tarixi-mədəni irsi, milli mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəltmək, uşaq və gəncləri muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.

İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli-Tarix Bədii Qoruğuna, Suraxanı Gəmi Muzeyinə və Yarat Müasir İncəsənət Mərkəzinə təşkil olunub.

Layihə çərçivəsində təşkil olunan bir günlük ekskursiyalarda Abşeron, Cəlilabad, Hacıqabul, Quba, Şabran, Siyəzən, Salyan, Şamaxı, Sumqayıt, Tərtər, Ucar, Xaçmaz, Yevlax, Oğuz, Zərdab, Ağcabədi, Ağdam, Astara, Bərdə, Ağdaş, Füzuli, İsmayıllı, İmişli, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Naftalan, Qobustan, Lənkəran, Biləsuvar, Xızı, iki günlük ekskursiyalarda isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Zaqatala rayonlarının məktəbliləri iştirak edib.